Türkiyə Superliqasında 31-ci tura yekun vurulub.
Çempionluq uğrunda mübarizə aparan “Fənərbağça” aşağı sıralardan yaxa qurtarmağa çalışan “İstanbulspor”u qəbul edib. 25-ci dəqiqədə meydan sahibləri önə keçiblər. Arda Güler “Fənərbağça”ya üstünlük qazandırıb. Fasiləyədək başqa qol olmayıb. 2-ci yarıda meydanda daha gərgin və dramatik mübarizə gedib. 52-ci dəqiqədə Arda Güler hesabı 2:0 edib. “Fənərbağça”nın inamlı qələbə qazanacağını düşünənlər yanılıblar. “İstanbulspor” qısa vaxt ərzində hesabı bərabərləşdirib. Şimali makedoniyalı Valon Etemi 9 dəqiqəyə dubl edib. Joau Pedru meydan sahiblərini yenidən irəli çıxarsa da, final fitinə saniyələr qalmış Emeka Eze hesabı bərabərləşdirərək dramatik mübarizəyə nöqtə qoyub: “Fənərbağça” – “İstanbulspor” - 3:3. Maraqlıdır ki, 31-ci turda “Qalatasaray” da “Karagümrük”lə eyni hesablı heç-heçəyə nail olmuşdu. Beləcə 2-ci yerdə qərarlaşan “Fənərbağça” 70 xalla lider olan “Qalatasaray”dan əvvəlki kimi 6 xal geri qalır. “Beşiktaş” 62 xalla ilk 3-lüyü tamamlayır.